02-07-2009
Paylaş
Magistrlərdən 150, bakalavrlardan 300 manat pul yığılır...
QayNar: Lənkəran Dövlət Universitetində (LDU) növbəti rüşvət qalmaqalı qeydə alınıb.
Qaynar.info-nun verdiyi xəbərə görə, bu barədə LDU-da təhsil alan magistrlərdən birinin Telebe.az portalına ünvanladığı məktubunda danışılır.
Şəxsi təhlükəsizliyi baxımından adı açıqlanmayan 2-ci kurs magistratura tələbəsi bildirir ki, “magistr dissertasiyamızın müdafiəsi iyunun 3-nə kimi olmalıydı, amma yenə özbaşnalıq. Yenicə elmi işlər üzrə prorektor keçmiş Məhəmməd Nurməmmədovun özündən yaratdığı və bizə göstərmədiyi, yalnız bu gün (30 iyun - red.) üzə çıxardığı əsasnaməyə görə, hər bir magistrın ən azı 1 və ya 2 məqaləsi olmalıdır”.
Tələbə yazır ki, onların bəzilərinin məqaləsi iştirak etdikləri universitetin konfrans kitabında dərc olunmalı idi. Amma ali təhsil ocağındakı maliyyə problemi üzündən həmin kitabın nəşri gecikir və tələbələrin yazıları dərc olunmur. Lakin kitabın proqramında tələbələrin məqalalərinin dərc olunacağı göstərilir. Ümumilikdə, müdafiədən saxlanılanların sayı 19 nəfərdir.
“Amma, biz müdafiədən bu cür məntiqsiz səbəb üzündən saxlanıldıq, hətta bizdən müdafiə üçün öncədən 150 manat pul da aldılar, pulu dekanımız Zakir Daşdəmirova verdik. Bu gün (30 iyun - red) rektorumuz Asəf İsgəndərovun qəbulunda olduq, amma yenə də eyni səbəb göstərildi”- deyə, tələbə bildirir.
Tələbə ali təhsil ocağına daha bir ciddi ittiham irəli sürür: “Universitetin 4-cü kurs bakalavr imtahanlarında hər tələbədən 300 manat pul yığılıb”.
Xatırladaq ki, LDU ilə bağlı bu ilk xəbər deyil. 10 fevral, 2009-da "Cənub Xəbərləri" qəzetində universitetdə rüşvətxorluqla əlaqədar "Bağlı otaqlarda açıq bazar” məqaləsi dərc olumuşdu. Həmin məqalənim müəllifi təhsil ocağının tələbəsi Pərviz Əzimov "daxili intizam qaydalarını pozması" kimi qondarma ittihamla universitetdən qovulub. // T.İsmayılov, QayNar