02-07-2009

MÜXALİFƏT LİDERLƏRİ ÖLÜMLƏ HƏDƏLƏNDİ

MÜXALİFƏT LİDERLƏRİ ÖLÜMLƏ HƏDƏLƏNDİ Paylaş

"Siyasi səhnədən getməsəniz, hamınızı güllələyəcəyəm..."

Bu gün Azərbaycan Demokrat Partiyasının (ADP) mərkəzi qərargahına Nazim Muxtarov adlı şəxsin imzası ilə bir məktub daxil olub. Məlumat “Media forum” saytına ADP-nin mətbuat xidmətindən verilib.
Məlumata görə, partiyanın sədri Sərdar Cəlaloğluna unvanlanmış məktubda muxalifətlə, siyasi vəziyyətlə əlaqədar müxtəlif rabitəsiz cümlələr yer alıb. Məktubun sonunda yazılan bir cümlədə isə kiminsə güllələnməsindən sohbət açılıb. Həmin fikir belə ifadə olunub: “Həm də mən sizə müharibə elan edəcəm. Sizin aranızda olan bir neçə yaramazlar var ki, onların hamısını da olmasa, birini də olsa güllələyəcəyəm.”

Məktubun əvvəlində “birləşmiş müxalifət” ifadəsi işlədildiyindən ADP mətbuat xidməti güman edir ki, bu zaman Qarabağ və Respublika Uğrunda Hərəkat nəzərdə tutulub. Məktub müəllifi S.Cəlaloğludan məktubu məhz birləşmiş müxalifətin rəhbərlərinə çatdırmasını tələb edib və məktubdakı əsas tələb onların bəyənat verərək siyasi səhnəni tərk etməsidir. Məktub müəllifi bunun üçün müxalifət liderlərinə bir həftə vaxt da verib.

Məsələ ilə əlaqədar ADP sədrinin birinci müavini Həsrət Rüstəmov Daxili İşlər Nazirliyinə muraciət edib.

H.Rüstəmov partiyanın mətbuat xidmətinə bunları da bildirib: “Məktubu oxuyan zaman müəllifin psixi durumu dərhal şübhə doğurur. Yəni bu məktubu təsadüfi bir şey kimi diqqətə almamaq da olardı. Amma Dövlət Neft Akademiyasında baş vermiş faciəli terror hadisəsi və son bir neçə ayda artan terror təhdidləri bizi ayıq olmağa sövq edir. Ona görə də polisi ən yüksək səviyyədə məlumatlandırmağı lazım bildik. Ümid edirəm ki, məsələ tam ciddi araşdırılacaq və hər hansı bir təhlükə varsa aradan qaldırılacaq.”




Oxunub: 410 dəfə.     Şərhlər: 0
Forumda müzakirə et   Bu xəbərə fikir bildir və ya şərhlərə bax