02-07-2009

Azərbaycan futbolunda rüşvət qalmaqalı!

<font color=#ff0000>Azərbaycan futbolunda rüşvət qalmaqalı!</font> Paylaş

Babək Quliyev: "Xaqaniyə 1500 manat verib, ən yaxşı hakim seçildim"

Hakimlikdən qovulan FİFA referisi prezidentə müraciət edəcək

Hakimlikdən kənarlaşdırılan Babək Quliyev bu gün mətbuat konfransı keçirib. Fanat.az-ın verdiyi xəbərə görə,  Quliyev jurnalistlərə açıqlamasında hakimlikdən kənarlaşdırılmasına görə, Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovu günahlandırıb. Referi bildirib ki, Məmmədov ondan "Bakı" ilə oyunda "Qarabağ"a kömək etməyi istəyib. Lakin o, bununla razılışmayıb. Nəticədə də hakimlikdən kənarlaşdırılıb.

Quliyev rüşvətlə birinci dövrənin ən yaxşı hakimi olduğunu deyib: "Məni şəxsi qərəzə, ədavətə görə hakimlikdən uzaqlaşdırdılar. Xaqani məndən rüşvət istədi. Dedi ki, 1500 manat ver, Anar Niyazovu yox, səni PFL tərəfindən birinci dövrənin ən yaxşı hakimi seçək. Mən də bu pulu verdim. İstəsəniz buna rüşvət deyin, istəsəniz yox. Özünüz bilərsiz".

Referi PFL-in prezidenti Ramin Musayevi də günahlandırıb: "Ramin Musayev bildirib ki, nə olursa-olsun Babəklə Anar hakimliyə qayıtmayacaq. Hətta ölkə prezidenti İlham Əliyev də belə əminliklə danışmır".

Quliyev prezidentə müraciət edəcəyini bildirib: "Mən bir daha mətbuat konfransı keçirəcəm. Prezidentə müraciət edəcəm. Hətta lazım gəlsə, aclıq aksiyası keçirəcəm".

O, heç nədən qorxmadığını deyib: "Artıq heç nədən qorxmuram. Mən beş il qəbristanlıq rəhbəri olmuşam. Mənim qəbrim artıq hazırdır. Buna görə də heç nədən çəkinmirəm".

Qeyd edək ki, Quliyev Anar Niyazovla birlikdə klublarla işbirliyində günahlandırılaraq hakimlikdən kənarlaşdırılmışdı.




Oxunub: 265 dəfə.     Şərhlər: 0
Forumda müzakirə et   Bu xəbərə fikir bildir və ya şərhlərə bax