02-07-2009
Paylaş
Vüqar Bayramov: “Modelin hazırlanması üçün yalnız nəzəri-praktik məsələlər deyil, həmçinin eknometrik üsullardan da istifadə ediləcək"
QayNar: İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM) təbii resurslardan daha səmərəli istifadə edilməsi məqsədli "Azərbaycanın İqtisadi İnkişaf Modeli"ni hazırlayır. Modeldə neft gəlirlərindən səmərəli istifadə variantları eknomotrik hesablamalar əsasında qurulacaq.
İSİM-in İctimaiyyətlə Əlaqələr Şöbəsindən Qaynar.info-ya verilən məlumata görə, Asiya İnkişaf Bankı tərəfindən dəstəklənən layihə iyulun 1-dən icra olunmağa başlanılıb.
İSİM-in İdarə Heyətinin Sədri Vüqar Bayramov bildirir ki, Asiya İnkişaf Bankı (AİB) bu ildən Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı (CAREC) həyata keçirməyə başlayıb: “Həmin proqram çərçivəsində bank 8 ölkənin aparıcı tədqiqat qurumlarına dəstək vermək qərarına gəlib. Bu proqram çərçivəsində İqtisadi İnkişaf Nazirliyi ilə birbaşa əməkdaşlıq edən AİB Azərbaycanda bizim mərkəzlə əməkdaşlıq etmək qərarına gəlib. Buna görə də, yeni elan edilən proqramda Azərbaycandan yalnız İSİM iştirak etmək hüququna malik olub. 3 il müddəti əhatə edəcək proqramın sonrakı mərhələsində İqtisadi İnkişaf Nazirliyi yanındakı İqtisadi İslahatlar İnstitutu da iştirak etmək hüququ qazanacağı güman edilir. Çünki CAREC ölkələrinin hər birindən 2 tədqiqat mərkəzi bu proqrama cəlb edilib. Ona görə də, Azərbaycandan da tədqiqata daha bir mərkəzin cəlb edilməsi gözlənilir. AİB-in vətəndaş cəmiyyəti institutları olan tədqiqat mərkəzləri ilə sıx əməkdaşlığı müsbət qiymətləndirilməlidir. Praktik olaraq bu banka işlədiyi ölkələrin iqtisadi inkişafına hərtərəfli köməklil etmək imkanı verir”.
V.Bayramov deyir ki, proqram çərçivəsində təbii ehtiyatlardan daha səmərəli istifadə edilməsi məqsədi ilə iqtisadi inkişaf model hazırlanacaq: “Modelin hazırlanması üçün yalnız nəzəri-praktik məsələlər deyil, həmçinin eknometrik üsullardan da istifadə ediləcək. Modelin hazırlanması üçün 3 hipotezdən istifadə ediləcək. Daimi Gəlir Hipotezi (DGİ) əsas hipotez kimi tətbiq olunacaq. Bu modellə Azərbaycanın neft gəlirlərindən səmərəllik prinsipləri qiymətləndiriləcək və neft pullarının hazırlanmış eknometrik model əsasında istifadə edilməsi təklif ediləcək. Proqram çərçivəsində real vəziyyət qiymətləndirələcək və həm hökumət nümayəndələri, həm də ekspertlər ilə sorğular aparılacaq. Modelin gələn il Azərbaycan hökumətinə təqdim edilməsi nəzərdə tutulub. İnanırıq ki, bizim tədqiqatlarımızdan istifadə ediləcək. Məqsəd ölkədə dayanıqlı iqtisadi inkişafa nail olmaqdır. İSİM-in hazırladığı anti-böhran konsepsiyası layihəsində yer alan təkliflərin bəzilərinin hökumət tərəfindən qəbul edilməsi iqtisadi inkişaf modelinin də nəzərinə alınacağına inam yaradır”.
İSİM rəhbərinin sözlərinə görə, Asiya İnkişaf Bankı CAREC ölkələrində həyata keçiriləcək proqramların daha keyfiyyətli icrasının təşkili məqsədilə dünyanın 5 aparıcı universitetini də prosesə cəlb edib: “Proqramda iştirak edən tədqiqat qurumlarının ABŞ-ın Harvard, İngiltərənin Oksford və Kembric, Avstraliyanın Nyukassıl və Belçikanın Fri Universitetləri ilə əməkdaşlıq etmək imkanları var. İSİM bu proqram çərçivəsində Harvard və Oksford universitetlerinin ekspertləri ilə əməkdaşlıq etmək niyyətindədir. İqtisadi modellərin hazırlanması sahəsində sözügədən universitetlərin təcrübəsi daha yüksək olduğundan onların potensialından istifadə etmək daha mükəmməl model hazırlamağa imkan verə bilər. Bununla yanaşı, AİB-nin ekspert potensialından da istifadə ediləcək. Praktik olaraq, modeli İSİM ekspertləri xarici professorlar ilə birlikdə hazırlayacaq”.
V. Bayramov əlavə edir ki, yaxın vaxtlarda regionun digər aparıcı tədqiqat qurumları ilə bir araya gəlinəcək. Məqsəd iqtisadi proqramların hazırlanmasına təcrübə mübadiləsinin aparılmasıdır. İSİM proqram çərçivəsində əsasən Qazaxıstanın tədqiqat qurumları ilə əməkdaşlıq edir. // T.İsmayılov, QayNar