29-06-2009

Kreml Bakıdan istədiyini aldı - Yenilənib-5

Kreml Bakıdan istədiyini aldı - Yenilənib-5 Paylaş

Medvedyev Bakıdan təbii qaz müqaviləsiylə qayıdır; Xəzərin hüquqi statusu məsələsində isə ümumi bəyanat qəbul edildi

QayNar: Rusiya prezidenti Dmitri Medvedyev bu gün Bakıya birgünlük işgüzar səfərə gəlib.
Qaynar.info-nun verdiyi xəbərə görə, Medvedyev Heydər Əliyev adına Beynəlxalq Hava Limanından birbaşa Azərbaycan prezidentinin şəhərkənarı iqamətgahına yollanıb. Burada onu prezident İlham Əliyev qarşılayıb.
Sonra prezidentlər arasında təkbətək görüş keçirilib.

İlham Əliyev: "Biz Sizin gəlişinizi gözləyirdik"

Prezidentlər təkbətək görüşdən sonra jurnalistlər qarşısında brifinqdə çıxış ediblər.
İlk çıxış edən Azərbaycan prezidenti İlham Əliyev deyib: "Sizi Azərbaycanda salamlamağa şadam. Xoş gəlmisiniz. Biz Sizin gəlişinizi gözləyirdik və bu səfər qısamüddətli olsa da, ümid edirik ki, kifayət qədər səmərəli olacaqdır. Son bir ildə biz bir neçə dəfə görüşmüşük və bu, bizim münasibətlərimizin dinamik xarakterini göstərir. Bu gün biz xatırladıq ki, düz bir il əvvəl Siz Azərbaycanda rəsmi səfərdə olmusunuz və həmin səfər çərçivəsində imzalanmış dostluq və strateji əməkdaşlıq haqqında Bəyannamə uğurla yerinə yetirilir.
Biz çox şadıq ki, bir il sonra Sizi yenidən Bakıda görmək, ikitərəfli münasibətlərin mühüm məsələlərini, regional problemləri, - adətən olduğu kimi, - dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət ruhunda müzakirə etmək imkanı var. Biz Sizin gəlişinizə həmişə şadıq.
Bir daha xoş gəlmisiniz."

Dmitri Medvedyev: "Biz əməkdaşlığın yeni formatlarını müəyyən edəcəyik"

Rusiya prezidenti Dmitri Medvedyev isə çıxışına Azərbaycan prezidentinə təşəkkürlə başlayıb:
"Çox sağ olun, İlham Heydər oğlu. Bu gün Azərbaycana gəlmək mənə də çox xoşdur. Bizim iş cədvəllərimiz çox gərgindir. Lap yaxın vaxtlarda Sizinlə Peterburqda görüşmüşdük, ondan əvvəl də Siz Rusiyaya səfər etmişdiniz. Mənim indiki səfərim işgüzar səfərdir, Sizin düzgün olaraq qeyd etdiyiniz kimi, nisbətən qısamüddətli, lakin məzmunlu səfərdir, çünki biz görüşün gündəliyini hərtərəfli hazırlamışıq. Bir sıra sənədlər üzərində iş aparılmışdır, onlar bu gün imzalanacaqdır. Əlbəttə, bu, ölkələrimiz arasında, xalqlarımız arasında münasibətlərin – xalqlarımızı bir-birinə bağlayan ənənəvi dostluq, mehriban qonşuluq münasibətlərinin strateji xarakterini əks etdirir və biz həmin münasibətlərin daha da inkişaf etməsi üçün lazım olan hər şeyi etməyə hazırıq.
Ümidvaram ki, bugünkü görüşün nəticəsində biz əməkdaşlığın yeni formatlarını müəyyən edəcək, iqtisadiyyat haqqında da söhbət edəcəyik, çünki bu da çox vacibdir. Əlbəttə, biz siyasət haqqında da, o cümlədən xarici siyasət məsələləri barədə də söhbət edəcəyik."


Rusiya 2010-cu ildən «Şahdəniz» yatağından qaz almağa başlayacaq

Brifinq başa çatdıqdan sonra İlham Əliyevin və Dmitri Medvedevin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.
Görüşun yekununda "Qazprom"la  Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) arasında Azərbaycan qazının tədarükünə dair saziş imzalanıb. Azərbaycan təbii qazının əsas alınma şərtlərini təsbit edən sənəd “Qazprom”un idarə heyətinin sədri Aleksey Miller və ARDNŞ rəhbəri Rövnəq Abdullayev tərəfindən imzalanıb.
Sazişə görə, Rusiya 2010-cu ildən «Şahdəniz» yatağından qaz almağa başlamalıdır.
Daha sonra tərəflər Xəzərin hüquqi statusuna dair danışıqların yekunu olaraq bəyanat qəbul ediblər.
Bəyanatda Azərbaycan və Rusiya Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi üzrə danışıqlarda tərəqqinin olduğunu qeyd edilir.
Sənəddə Xəzəryanı dövlətlərin mövqelərində yaxınlaşmanın olduğu və Xəzərin hüquqi statusu barədə hazırlanan konsepsiyanın bir sıra aspektləri üzrə qarşılıqlı anlaşmanın artdığı bildirilir. Bu aspektlər sırasına Xəzər dənizi hövzəsinin delimitasiyası, təhlükəsizlik məsələləri, sualtı sərvətlərdən istifadə, tranzit və biomühitin saxlanılması məsələlərini aid etmək olar.
Xatırladaq ki, sənəddə 2007-ci il 16 oktyabr tarixində Tehranda keçirilən Xəzər sammitinin qərarlarına bağlılıq qeyd olunur.

Natiq Kamal // QayNar




Oxunub: 470 dəfə.     Şərhlər: 0
Forumda müzakirə et   Bu xəbərə fikir bildir və ya şərhlərə bax